Ana səhifə . Hekayələr
Yağış yağırdı. Evin istisindən buxarlanmış pəncərənin o biri tərəfindəki soyuq insanın bədənini titrədirdi. Yağış damcıları o qədər zərif idi ki, demək olar, hiss olunmurdu; sadəcə əlinin, paltosunun və ya əynindəki hər hansı bir geyimin üzərində anlıq xatirə kimi iz buraxırdı. Küçədə yeyin addımlarla gedən insanlar soyuğa məhəl qoymadan növbəti günün dərdləri ilə boğuşur, yalnız evə çatmaq arzusu ilə irəliləyirdilər.
Buxarlanmış pəncərənin digər tərəfində — batareyası bitmiş saatın altında, boz və çirkli divanda ağ, qısqollu köynək geyinmiş gənc bir oğlan uzanmışdı. O, yalnız bu günü düşünə-düşünə yuxuya getmişdi. Döşəmədə köhnə, qırmızı naxışlı, bərbad bir İran xalçası sərilmişdi. Pəncərənin yanında isə örtüksüz bir masa vardı. Masanın üzərində tünd dəmkeşdən qaralmış stəkan və yerə səpələnmiş çörək qırıntıları evin ümumi ahəngini tamamlayırdı.
Soyuducunun qapısı açıq qaldığı üçün xəbərdarlıq siqnalı bütün evi bürümüşdü. Müxtəlif formalı, heç bir məna daşımayan tozlu suvenirlər, şnuru yanmış televizor, akvariumda dünən axşamdan ölmüş balıq və qapının solundakı divardan qopmuş suvaq parçası evdə qarışıq bir aura yaradırdı. Balığın cansız bədəni iri çörək parçaları ilə birlikdə suyun üzərində, sahibi kimi hərəkətsiz qalmışdı. Xarab saat 01:10-u göstərirdi, halbuki əqrəblər əslində 21:21-in üzərində olmalı idi.
Küçədən arabir maşın səsləri gəlirdi. Təkərlər asfalta toxunduqca suyun şırıltısını yuxarı mərtəbələrdən belə eşitmək olurdu; bəzən bu şırıltıya insan səsləri də qarışırdı. Amma nə bu kənar səslər, nə də soyuducunun siqnalı divandakı gənci oyada bilirdi. Onun yorğunluğu çiyinlərindən başlayıb ayaq barmaqlarına qədər uzanır, bütün ağrısı beyninə vururdu.
Vaxt keçdikcə evin temperaturu aşağı düşürdü. Qaz kəsilmiş, istilik sistemi dayanmışdı. Oğlanın burnu soyuqdan qızarmışdı. Saçları pırpız olsa da, qısa idi. Bənizi kimi solğun gözləri, uzun burnu və incə qaşları vardı. Evdə çoxlu diş çöpü, qulaq çöpü, yaş salfet və kibrit qutuları səpələnmişdi. Kibrit qutuları mətbəxdə, qazın yanında; diş çöpləri divanın ətrafında; yaş salfetlər isə ayaqyolunda pərakəndə halda idi. Paltar dolabı olmadığı üçün geyimlərini ayrıca bir masanın üzərinə yığmışdı. Zatən paltarı az idi və buna görə də dolab üçün əlavə yer ayırmağı mənasız sayırdı.
Qapı açıldı.
Evə oğrun-oğrun girməyə çalışan boz paltolu bir qadın əlindəki çətiri qapının ağzındakı ayaqqabı rəfinə söykəmək istədi, lakin ehtiyatsızlıqdan çətir sürüşüb yerə düşdü. Amma bayaqdan şalvarsız, qarnıüstə divanda uzanan və bir əli aşağı sallanan oğlan bu səsə də oyanmadı.
Qadın ayaqqabılarını çıxarmadan içəri keçdi. Donuq baxışlarla ətrafa nəzər saldı. Evin hər qarışını süzərək qətiyyətli addımlarla irəlilədi. Paltosunun düymələrini açdı, əlcəklərini çıxarıb əlində saxladı. Onun da burnu soyuqdan qızarmışdı. Bəbəkləri böyümüş halda diqqətlə oğlana baxırdı.
Birdən soyuducunun siqnalı onun diqqətini yayındırdı. Ayaqqabılarının taqqıltısı ilə mətbəxə keçib soyuducunun qapısını örtdü. Dərindən nəfəs aldı, dodaqlarını büzərək saçlarını düzəltdi. Yorğun addımlarla otağa qayıdıb ətrafı gəzməyə başladı.
Qəfil baxışları balığa sataşdı. Oğlana baxdığı kimi balığa da uzun-uzadı tamaşa etdi. Sonra qaramtıl çantasından kağız və dəsmal çıxardı. Balığı dəsmalla silib kağıza bükdü və cibinə qoydu. Divana yaxınlaşıb qolundakı saata baxdı. Dodaqlarının kənarında xırda qırışlar əmələ gəldi.
Əlini oğlana tərəf uzatmaq istədi, amma yarı yolda saxladı. Gözləri doldu, lakin ağlamadı. Sadəcə sol əlcəyini oğlanın başı üzərində, divanın küncünə qoyub evdən çıxdı.
Telefonun işığında pilləkənləri düşürdü. Hər addımında ayaqqabısının səsi pianonun küt dillərinin səsini xatırladırdı. Təngnəfəs olur, ürək döyüntüləri artırdı. Binanın qapısını bərk itələyib çölə qaçdı.
Yolun solundan işıq parıldayanda gözlərini qırpıb həmin tərəfə baxdı — gələn maşın idi. Gözlərini süzüb başını irəli əyərək maşının üstündə “Taksi” nişanının olub-olmadığını yoxladı. Maşını saxlatdırıb heç nə demədən əyləşdi.
Sürücü tələsik əlindəki telefonu yanındakı qutuya ataraq dikdaban güzgüdən sərnişinə baxdı. Qaranlıqda qadının yalnız saçlarını və incə burnunu görə bildi, gözlərinin rəngini seçə bilmədi.
— Xahiş edirəm, sürün. Bu yolla üzü yuxarı, küçə bitənə qədər, — qız xırıltılı səslə dilləndi.
Bükülmüş əlini çənəsinə söykəyib pəncərə şüşəsindəki əksinə baxdı. Sonra baxışlarını cəld başqa tərəfə çevirdi. Yolun kənarında bağlı bir köşk vardı. Yerə ağ kağızlar səpələnmişdi, bir neçəsi küləklə parka tərəf uçmuşdu. Kağızların bəzilərində palçıqlı ayaqqabı izləri görünürdü.
Sürücü maşını rəvan tərpədib küçə ilə üzü yuxarı irəlilədi. Telefonundakı saata baxıb yenidən güzgüdən qadına nəzər saldı. İlk gözünə dəyən onun üzünə düşən saçları oldu. Baxışlarını çəkib diqqətini yola yönəltdi.
Şüşəsilənlər metronom kimi nizamla hərəkət edirdi. İçəri soyuq idi. Sürücü istilik sistemini qoşduqda salonu uğultulu bir səs bürüdü. Güzgüdən yenə qıza baxdı. Qızın hər nəfəsində şüşə buxarlanırdı. Duruşunu dəyişmədən, diqqətsiz halda pəncərədən küçədəki marketlərə, binalara və zibil qablarına baxırdı.
Sürücü saçını qaşıyıb bir əli ilə sükanı tutdu. Yol kənarındakı bütün mağazalar bağlanmışdı. Küçədə kimsə yox idi; işıq dirəkləri olmasa, zülmət qaranlıqda azardılar.
— İçəridə siqaret çəkmək olar? — qız soruşdu.
Sürücü başı ilə razılıq verib güzgüdən ona baxdı. Qız çantasından siqaret çıxarıb yandırdı. İlk tüstünü ciyərlərinə çəkib pəncərəni bir az endirdi. Şüşəsilənlərin, küləyin və peçin uğultusu bir-birinə qarışmışdı. Pəncərədən qızın üzünə damcılar düşürdü. Soyuğa baxmayaraq, o, siqaretini çəkə-çəkə diqqətsiz halda yola baxırdı. Binalar gözünün qabağından bir-bir keçib geridə qalırdı.
— Burada saxlayın, zəhmət olmasa.
Sürücü maşını qəbiristanlığın qarşısında saxladı. Nə baş verdiyini anlamırdı; sifətində donuq bir ifadə vardı. Qız cəld maşından düşdü. Qəbiristanlığa tərəf baxaraq siqaretin kötüyünü yerə atdı. Közün su ilə təmasından gələn xışıltı ilə birlikdə qaranlıqda çətinliklə seçilən dəmir qapıya tərəf qətiyyətlə addımladı.
Buranın qəbiristanlıq olduğunu yalnız yerli sakinlər bilə bilərdi; yoxsa gecə vaxtı, yağışda və dumanda yolu bilmədən qapını tapmaq, demək olar, mümkünsüz idi.
Sürücü qızın arxasınca düşüb maşının qapısını bağladı. Bir anlıq tərəddüd içində qaldı, sonra geri dönüb gözlərini qırparaq qıza baxdı. Şalvarı batmasın deyə ayaqlarının ucunda tullanaraq ona çatmağa çalışdı.
— Xanım, — deyə öskürdü, — bağışlayın, bilirsiniz, bura qəbiristanlıqdır.
— Bilirəm, — qız arxasına baxmadan cavab verdi və yoluna davam etdi.
Oğlan susdu. Vəziyyəti dəqiqləşdirmək istəsə də, fikrindən daşındı.
— Sizin gəlməyinizə ehtiyac yoxdur. Məni gözləyin, işim qısadır, tez gələcəyəm. Narahat olmayın, pulunuzu artıqlaması ilə verəcəyəm, — qız dönüb dedi.
— Xanım, gecə vaxtıdır... — oğlan sözə başlasa da, qız onun sözünü kəsdi.
— Narahat olmayın, qorxmuram, — deyə gülümsədi və yoluna davam etdi.
Sürücü bir neçə saniyə duruxdu, ətrafa boylandı. Gecənin qaranlığı və başdaşları onu vahimələndirirdi. Bir-iki ad oxudu, şəkillərə baxdı; simalar qaranlıqda seçilmirdi. İşıq salıb oxumaq da istəmədi. Başını bulayıb qızın arxasınca qaçdı.
Qızı irəlidə — 1965-ci il təvəllüdlü bir kişinin məzarı üstündə görüb dayandı. Qız başdaşına baxırdı. Yağış hər yanı palçıq eləmişdi. Oğlan yolu tanımadığı üçün yıxıla-dura gəlmiş, üst-başı batmışdı. Şalvarında xırda palçıq ləkələri əmələ gəlmişdi. Qızda isə palçıqdan əsər-əlamət yox idi; yalnız paltosu islanmışdı.
O, cibindən kağıza bükülmüş balığı çıxarıb qəbrin üzərinə qoydu. Başdaşını sığallayıb öpdü. Tək qalmış sağ əlcəyini balığın yanına qoydu. Sonra sürücüyə heç nə demədən dönüb oradan uzaqlaşdı.
Sürücü batmış paltarına səssizcə gileylənərək qızın gedişini izlədi. Yağış damcıları üzü ilə süzülürdü. Əlini cibinə atıb maşının açarlarını yoxladı və qızın arxasınca qayıtdı.
Maşın yenə hərəkətdə idi; küçələri bir-bir keçir, döngələrdə yavaşıyıb düz yolda sürətlənirdi. Yağış ritmini pozmadan yağmaqda davam edirdi.
Telefon bir neçə dəfə zəng çaldı. Sürücü səsi kəssə də, telefonun vibrasiyası onu narahat edirdi. Sonra zəng kəsildi. Oğlan ekrandakı ada baxsa da, zəngə cavab verməyib telefonu qutuya tulladı.
Güzgüdən qıza baxdı — o, siqaret çəkirdi. Oğlan dinməzcə qızın dediyi ünvana tərəf sürürdü.
Oğlan maşını hündürmərtəbəli binaların olduğu məhəllənin girişində saxladı. Qız qapını ehtiyatla açıb endi və sürücüyə yaxınlaşdı. Tələsik cibindən iki ədəd onluq çıxarıb uzatdı, təşəkkür edib qalıq pulu götürmədən uzaqlaşdı.
Oğlan əlindəki pullarla onun arxasınca diqqətlə baxırdı. Qızın binaya girib gözdən itməsini izlədi, baxışlarını binadan çəkmədi. Binalar hündür olsa da, cəmi iki pəncərədə işıq yanırdı və onlar da bir-birindən mərtəbələrlə uzaqda idi.
Üçüncü pəncərədə də işıq yanan kimi oğlan pulu cibinə qoyub maşını xodladı. Qolundakı saata baxdı, bir əli ilə telefona gələn mesajı oxuyub tələsik cavab yazdı.
Maşını öz yaşadığı binanın həyətində, skamyaların yanında saxladı. Mühərriki söndürüb pul qabısını və telefonu götürdü. Binanın altındakı mağaza hələ də açıq idi.
İçəri girəndə döşəmə kirlənməsin deyə ayaqlarını iki dəfə döşəməyə çırpdı. Mağaza sahibi qabağındakı kağızlara baxıb qələmlə hesablamalar aparırdı. O, yaşlı, kök, ağsaqqal bir adam idi; burnu uzun, gözləri şaftalı tumu kimi iri idi. Burun tükləri çölə çıxmış, qalın eynək taxmışdı.
— Həmişəki siqaretdən, — deyə oğlan onu kağızlardan ayırdı.
— Götür, — kişi baxmadan siqareti masaya qoydu.
— Bir dənə də uşaq üçün o Kinderdən verin.
— Balacaya alırsan?
— Balaca demə, böyük kişidir o. Gələn il məktəbə gedəcək.
— Maşallah, nə tez böyüdü...
— Hə. Pulu qoydum buraya.
— Gözlə, qapını bağlayım, birgə çıxaq, — kişi açarları götürdü.
Kağızları qarışıq halda masanın altına tulladı. Eynəyini çıxarıb cibinə qoydu, işığı söndürdü. Qapını kilidləyib yan blokdan içəri keçdilər.
— Liftlə getmirsən? — oğlan soruşdu.
— Yoox, mən qorxuram.
— Yaxşı, onda mən də minmirəm.
— Ay bala, sən get, mənə fikir vermə. Mən üçüncü mərtəbədə qalıram, yavaş-yavaş qalxacağam. Sən rahat get. Qapalı yerdə qala bilmirəm, ürəyim sıxılır.
Liftin qapısı bağlanan kimi kişi telefonun işığını yandırdı. Məhəccərdən tutub yuxarı qalxdı.
Mənzilə çatan kimi qapını açıb içəri keçdi. Mətbəxdən yemək qoxusu gəlirdi. Bərk acmışdı. Əllərini yuyub tez masada əyləşdi. Televizoru yandırıb təsadüfi bir kanala qoydu.
Yoldaşı yeməyi artıq isitmişdi. Masaya əvvəlcə doğranmış limon, sonra nar dənələri ilə dolu qab gəldi. Bir neçə dilim çörək, duz, bir stəkan su və külqabı qoyuldu.
Qadın başını bağlamışdı. Əlləri qırış-qırış idi; bu qırışlar yalnız əllərində deyildi, çöhrəsində də gənclikdən əsər-əlamət qalmamışdı. Gözlərinin altı şişmiş və qaralmışdı. Beli işləməkdən bir az bükülmüşdü. Arıq olmasına baxmayaraq, cəld hərəkətlərlə masanı bəzəyirdi.
Xırda işlər bitdikdən sonra növbə yeməyə çatdı. Kişinin mədəsi mətbəxdəki yeməyə sanki siqnal ötürürdü.
Una batırılıb yağda qızardılmış, üzərinə ədviyyatlar səpilmiş balıq masaya qoyuldu. Kişi əvvəlcə limonu sıxıb suyunu balığın üstünə tökdü, sonra bıçaqla onu üç hissəyə böldü: quyruq, gövdə və baş.
Əvvəlcə quyruq hissəsini ehtiyatla təmizlədi. Quyruğun qızarmış hissəsini xırçıldada-xırçıldada çeynəyirdi. Sümüklər xırıldadıqca arvadı divandan onun ağzına baxırdı. Kişinin saqqalı və bığı yağa batmışdı, balıq ətinin parçaları dodaqlarının kənarına yapışmışdı. Baş barmağı ilə ağzını silib quyruqdan qalan sümükləri külqabıya atdı.
Sıra gövdəyə çatanda kişi diqqətlə sümükləri ətdən ayırmağa çalışdı. Nəqqaş kimi balığı didir, tikələri ağzına atır, sümükləri isə kənara yığırdı. Çörəyi turşuya batırıb üstünə balıq əti qoyaraq dişləyirdi. Ağzını marçıldadır, barmaqlarını yalayırdı.
Qadın divandan qalxıb kişinin üzünə baxmadan mətbəxə keçdi.
Lakin balığın başına çatanda sümüklərdən biri kişinin boğazında qaldı. Bir neçə dəfə öskürsə də, sümük çıxmadı; əksinə, udqunduqca daha da dərinə batırdı.
Əvvəlcə su içmək istədi. Sonra əlini yumruqlayıb kürəyinə vuraraq möhkəm öskürməyə çalışdı. Faydası olmadı. Gözləri şişdi, qızardı və yaşardı. Dili çölə çıxırdı, öskürəyi kəsilmirdi, udquna bilmirdi. İndi kürəyi ilə yanaşı sinəsini də yumruqlayırdı.
Dərindən nəfəs alıb var gücü ilə son dəfə kürəyinə vurub öskürəndə sümük ağzından çıxıb düz yeməyin içinə düşdü.
Kişi üzünü tutub titrəyə-titrəyə masaya söykəndi. Bir neçə dəfə dərindən nəfəs aldı. Yeməyə baxmağa cəsarəti çatmırdı. Arxaya gərnəşib gözlərini yumdu. Əlləri ilə üzünü qapayıb bir neçə dəfə də öskürdü, başını bulayıb ayağa qalxdı.
Yeməyə əl vurmadı.
Otaqda gəzişdi. Siqaret qutusunu cibindən çıxarıb masanın üstünə qoydu. Udqundu, şəhadət barmağını ağzına salıb çıxardı. Başını qaşıya-qaşıya yataq otağına keçib soyundu.
Çarpayıda uzanıb diqqətlə tavana baxırdı. Tənəffüsü otağın sükutunda aydınca eşidilirdi. Yatmaq istəyirdi, amma hər gözünü yumanda son hadisə qaranlıqda işıq kimi peyda olurdu.
Çarpayıda vurnuxurdu, yata bilmirdi. Tavana baxmaqdan başqa əlacı yox idi. Uzun müddət bir nöqtəyə baxdığı üçün gözlərinin qabağında halqalar yaranırdı. Bu hal kişi yuxuya gedənədək təkrar olundu.
O, bərk yatdığı üçün arvadının içəri girdiyini görmədi.
Qadın balışın altından dəsmal çıxarıb otaqdan çıxdı. Masanın üstündəki hər şeyi mətbəxə daşıdı. Limonu zibil qabına tulladı. Sonra balığın sümüklərini bir sellofana yığdı, başını ayrıca qaba qoydu. Qabları soyuq su ilə yudu. Masanın üstünü silib qonaq otağındakı televizoru və işığı söndürdü.
Mətbəxi tam yığışdırdıqdan sonra bıçaqla balığın başını iki yerə böldü. İçindəki ətli hissəni yedi, qalan qırıntıları sümüklərlə birlikdə zibil qabına atdı.
Siyirmədən kibrit qutusunu götürüb birini yandırdı və alova baxdı. Kibrit çöpü saniyələr keçdikcə bükülür, büküldükcə əzilir, əzildikcə külə çevrilirdi. Məğlub tərəf kimi başını qadına tərəf təzim edirmişcəsinə əyirdi.
Qadın onun közünü əlləri arasında ovuşdurub balışın altından götürdüyü dəsmalı açdı və bütün külü oraya tökdü. Kibritin sonu digər küllərin içində itib getdi; artıq onu digərlərindən fərqləndirən heç bir cəhət qalmamışdı.
Qadın eyvana çıxdı.
Yağışın səsinə qulaq asaraq təmiz havanı ciyərlərinə çəkdi və qarşıdakı binanın tək-tük yanan pəncərələrindən gələn işıqlara tamaşa etdi. Başındakı yaylığı açdı. Saçlarını arxaya topladı, gözlərini yumub dərindən nəfəs aldı.
Gözlərini açanda qarşıdakı binada artıq tək bir işıq yanırdı. Cəmi bir pəncərə öz aydınlığı uğrunda mübarizə aparır, pəncərənin küncündən gücünü nümayiş etdirirdi.
Qadın bir daha gözlərini yumub daha dərindən nəfəs aldı.
Üşüyürdü. Titrəyirdi. Yenə pəncərəyə baxır, gözünü oradan çəkmək istəmirdi.
Saat 01:10-da bütün işıqlar söndü.