Satılır

Əsgərlikdən qayıdan kimi atamın məsləhəti ilə dostunun yanında işə başladım. İşləmək haqqında düşünürdüm, ancaq hələ buna özümü hazır hiss etmirdim. Atamın dostunun adı Nəriman idi, hardasa qırx beş yaşı olardı. Saçları ağarmış, qarnı da bir az çıxmışdı. Uzun müddət idi ki, ev alqı-satqısı ilə məşğul olurdu. Mənim ixtisasım geoloqdur, bu sahədə isə təcrübəm sıfırdır; iş tapacağıma ümidim yox idi. Bu ixtisasa sevərək yiyələnməmişəm. Əgər bir daha oxumaq şansım olsaydı, yəqin ki, incəsənətlə məşğul olardım; film çəkmək həmişə marağımda olub. Uşaq vaxtı məhlədəki dostları ətrafıma yığıb oyunlar düzəldərdim, məktəbdə də çoxlu tamaşalarda iştirak etmişdim. Heyf, qismət olmadı. Buna baxmayaraq, arada bir-iki cızma-qara edirəm.

Biz maşınla qapısının önündən qaz borusu keçən bir evin qarşısında dayandıq. Maşını Nəriman sürürdü, müştərilər də bizimlə gəlmişdi. Nəriman deyirdi ki, onunla hər yana gəlməli və işi yaxından öyrənməliyəm. Müştəri ilə danışmaq, onu dərk etmək, əlində olan evi ona satmaq lazımdır. Nə deyim, başım çıxmırdı, əlqərəz, Nərimana inanmaq məcburiyyətində qalırdım.

Ev çox da böyük deyildi, bələdiyyə sənədi vardı. Kimsə məcburiyyətdən satmalı olmuşdu. Nərimanın dediyinə görə, borca düşüb, işdən çıxarıldığı üçün evə xərclədiyi materialların pulunu verə bilməyib. İndi də satır ki, heç olmasa ziyana düşməsin. İki otağı vardı: biri geniş idi, digəri isə balaca — bəlkə də uşaq otağı etmək olardı. Divarları baxımsız idi, sadəcə bir az rəng vurmuşdular ki, gözə gəlimli olsun. Döşəmənin taxtası cırıldayırdı, həyəti də balaca idi. Sözün düzü, belə şeylərdən başım çıxmır, hətta evi necə tərifləyirlər, onu da bilmirəm. Etiraf edim ki, bu vaxta qədər bir çöpün özünü belə satmamışam.

Müştərilər gənc idi, üç yaşında uşaqları vardı. Qız, mənim zənnimcə, oğlandan gözəl idi. Bir incəsənət adamı olaraq hər şeyi müşahidə etməyi özümə borc bilmişdim, ona görə də qızın simasına diqqətlə baxdım. Yanaqları alma kimi qırmızı idi, sifəti yumru, gözləri isə şabalıdı. Boyu orta idi, bədəni cəlbedici deyildi, lakin üzündə bir məsumluq hiss olunurdu. Oğlan kobud birinə bənzəyirdi, heç bilmirəm necə ifade edim — nəsə özündənrazıya oxşayırdı. Uşaq isə anasına bənzəyirdi. Toppuş ayaqları ilə yırğalana-yırğalana gəzirdi. Anası ona səslənəndə öyrəndim ki, adı Ayseldir. Bir-iki dəfə onunla oynamağa çalışdım, sonra Nəriman mənə göz vurdu, mən də dayandım. Axı mən "ev satanam" və bu rolu bir müddətlik oynamalıyam. Nə qədər çəkəcək bilmirəm, amma bir müddət çəkəcəyi dəqiqdir.

İlk iş günüm olduğundan ürəyim sıxılırdı, ona görə də rastlaşdığım hər şeyə diqqətlə nəzər salırdım. Məsələn, döşəmənin cırıltısı otağın ortasında fərqli, qapının girəcəyində isə daha fərqli səslənirdi. Oğlanın şalvarında ləkə vardı, ancaq o dərəcədə gözə çarpmırdı, yalnız mənim kimi adamlar görə bilərdi. Nərimanın simasına da nəzər saldım. Düzü, bilirdim ki, ona hələ çox baxacam, neynəyim, başımı bir yolla qatmalı idim. Sifəti qırış-qırış və cadarlaşmışdı, üzündəki hər tükün yerinin izi aydınca hiss olunurdu. Saçları seyrəkləşmiş və ağarmışdı. Gözlərinin altı ləmbər salmışdı. Maraqlı siması vardı, əsl filmlik.

Nərimanın işarəsindən sonra uşaqla oynamağı dayandırıb onların söhbətinə qoşuldum. O, durmadan tez-tez danışır, evi tərifləyirdi. Mən də başımı tərpədərək özlüyümdə ona haqq kazandırırdım.

Nəriman: — Vallah, bu evi mənə iyirmi minə deyirdilər, mən özüm güclə on səkkizə saldım. Canım haqqı, pis ev deyil, bir az əl gəzdirmək lazımdır. İşığı, suyu — hər şeyi yerindədir. — Kupça varmı? — deyə oğlan soruşdu. — Kupça deyəndə ki, buralarda bütün evlər bələdiyyə sənədi ilədir. Buranın yiyəsi, inan ki, buranı satmaq istəmirdi. Özü sizin kimi cavan ailədir. Nəsə, indi Allahın işidir də, bilmək olmur kimin başına nə iş gəlir. Bədbəxt hadisə oldu, satmalıdırlar. Lap nağd versəniz, mən axşam özüylə də danışaram, on yeddi minə salaram. — Bilirsiniz, ev balacadır... — İndi məsləhət sizindir. Bu ərazidə bundan ucuz qiymətə ev tapabilməzsiniz. Yeri də yaxşıdır. Qızınızın neçə yaşı var? — Nəriman qadından soruşdu. — Üç, — deyə xanım dilləndi və qızının başını sığalladı. — Allah saxlasın. Bax, məktəb buradan aşağıdadır, düz yaxındadır. Sonra, yaxşı supermarket də açılır. Marşrut da bir az aralıdadır... Deyəsən, siz demişdiniz ki, öz maşınınız var, hə? — Maşın demişkən, həyət bir az balacadır, — oğlan narazı şəkildə dilləndi, dodaqlarını büzdü. — Əşi, onun da beş-on manat xərci var, yəni kağız alıb genişləndirirsiniz. — Mən iş adamıyam, ev tikməyə vaxtım yoxdur. Hazır ev istəyirəm. Əlimə pul düşüb, üstünü düzəldib ev almaq istəyirəm, yəni tikmək mənlik deyil. — On səkkiz min ver, həll edim. Tikmək işi də mənlikdir, özüm hər şeyini həll edəcəyəm, bir həftəyə hazırdır. — Qapının ağzında da boru var, qaz borusu. Təhlükəlidir. Üstəlik, girib-çıxana mane olur, evin vidini öldürür. — Amma suyu, qazı, işığı yaxşıdır. Qonşuları də pis deyil buranın, satan oğlan özü də yaxşı oğlandır.

Nəriman əlindən gələni edirdi ki, evi satsın, mən isə ona sakitcə qulaq asırdım. Oğlanın sözlərində həqiqət vardı, bu evi almaq düzgün deyildi. Ancaq burada mən kimin tərəfindəyəm axı? Bu evi satmalıyıq ki, pul qazanaq. Yoxsa həqiqətlərin arxasınca qaçıb çörək pulu qazanmaq olmaz. Düşündüm: həyat necə də çətindir. Aldadıb-alma dünyasıdır. Heyf ki, alan da bizik, aldadan da.

Nəriman evi nə qədər tərifləyirdisə, oğlan da bir o qədər etiraz edirdi. Məsələn, elə mənim müşahidələrimin bir çoxunu söylədi. Əsasən də döşəmənin dəyişdirilməsini vurğuladı. Beləcə, on yeddi minlik evin xərci gəlib çıxdı iyirmi yeddi minə. Nəriman isə deyirdi ki, min manatdan yuxarı bu evdə iş yoxdur, almasalar uduzmuş olacaqlar. Onun iddiasına görə, buralarda uzun müddətdir alqı-satqı ilə məşğuldur, bu qiymət lap göydən düşmədir, vaxt gələcək buralar yaxşılaşacaq. Müəyyən qədər haqlı idi; burada supermarket və məktəb vardı, ancaq yaşayış yeri heç yaxşı deyildi. Yollar düzgün strukturda salınmamışdı, qışda burada palçıqdan tərpənmək mümkün olmayacaqdı. Lap tutaq ki, bunların maşını var, bəs maşını olmayan insanlar bu palçıqda necə yaşayır?

— Yolu da yaxşı deyil heç, — oğlan mən deyən bəhanəni dilə gətirdi, — gərək bu palçıqlı yolda maşını gündə yuyum. — Ay oğlum, sən bəyəm şəhərin mərkəzindən ev almırsan ki? Belə yerlərdə hər yan belədir, palçıqdır. Bələdiyyə hər il yolları düzəldir.

Qəfil uşaq ağlamağa başladı. Qadın yoldaşına getməyi məsləhət gördü, almayacaqlarını bildirdi. Onlar çıxdıqdan sonra biz də qapını bağlayıb maşına əyləşdik. Nəriman əsəbi görünürdü. Cibindən siqaret çıxardı, yandırdı, damağına qoyub dayandı. Alnını qaşıyıb mənə baxdı.

— Bu iş çətindir, ama ev satılsaydı, bir az xeyri olardı. Necədir, xoşun gəlir? — Pis deyil, — deyib gülümsündüm. Səmimi olmaq ağlıma gəlmirdi. — Çəkən deyilsən? — Yox, — yalan dedim, çünki atam bilsə məni öldürər. — Ağıllısan, vallah. Məni bu həyat bu günə qoydu, yoxsa çəkən deyildim. Oğlan da lap dəlidir e, beş-altı manat pul verəcək, özünə villa axtarır. — Hə, məncə, belə ev tapa bilməzlər, — niyə bilmirəm, amma belə anlarda həmişə qarşımızdakı insanla razılaşmalı oluruq. Məsələn, həmişə mindiyimiz taksinin sürücüsünün yol boyu fikirlərini təsdiqlədiyimiz kimi. Məncə, bu şirin yaltaqlıq ikiüzlülük sayılmaz; nəticə etibarı ilə hadisəyə obyektiv yanaşmaq heç kimə lazım değil. — Bunun kimi gündə beşi ilə danışıram, — deyə Nəriman deyinirdi.

Siqareti bitirdikdən sonra maşını işə saldı, digər müştərini götürmək üçün oradan ayrıldıq. Yol boyu Nəriman oğlandan danışdı, onu müxtəlif formalarda təkzib etdi. Hətta virtual debat təşkil edib onun əvəzinə sualları cavablandırdı, özünü haqlı çıxardı. Mən isə bu anda susur və yola baxırdım. Arada Nərimanın fikirlərini təsdiq edirdim. Yadıma əsgərlikdən xırda-xırda xatirələr düşürdü: "gün" yazdığım vaxtlardan, xoş anlardan qısa fraqmentlər ani olaraq gözümün qarşısından keçirdi. Məni bu xəyallardan Nərimanın qışqırıqları oyadırdı — o, hələ də oğlanı söyürdü. İşdən başım çıxmasa da, zənnimcə, oğlanın yerində olsaydım, mən də bu evi almazdım. Əslində, öz yerimdə ola bilsəydim, indi burada nə işim vardı ki? Görəsən, Nərimanın nə vaxtsa haradasa olmaq arzusu olubmu? Ya da hansısa incəsənət növündə işləmək kimi bir düşüncəsi?

Ona açıq-aşkar yalan danışdığını anlayırdım, vicdanım bunu qəbul etmirdi. Əgər cəsarətimi toplayıb atamla danışa bilsəm, yəqin bir həftə sonra daha işə gəlməyəcəyəm. Ondan vaxt istəyərəm, deyərəm ki, qoy özümə arzularıma uyğun iş tapım. Yəqin ki, bu sözdən sonra atam məni yaxşıca döyər, ağlım başıma gələr, mən də yalan danışmağı öyrənərəm. Məsələn, bu evin qabağından qaz borusu keçir, ancaq niyə keçir? Bəlkə bu qaz borusu heç qaz borusu değil, incəsənətin bir növüdür? Bəlkə biz bu qaz borusunu başa düşmürük?

Bu sərsəm fikirlər üzümdə ani olaraq mənasız bir gülümsəmə yaratdı. Nəriman bunu hiss etmədi də; o, ancaq oğlanı söyür, işin çətinliklərindən danışırdı. Xüsusilə vurğulayırdı ki, nədənsə bu illər vəziyyət bir az çətinləşib, insanlar kasıblaşıblar. Amma vaxt var idi, qaz vurub qazan doldururdu; elə günlər olmuşdu ki, o, çamadan dolu pulla evinə gedirmiş. Mən də ona inanırdım. Mənim kimi cavanları puldan başqa nə maraqlandıra bilər ki? Pul şirin şeydir. Pul zəhmətdir, pul əziyyətdir, özü də halal pul. Məsələn, faktiki olaraq Nəriman yalan danışırdı, amma Nərimanın yalanından ərsəyə gələn pul halal idi. Onun yalanlarına inananlar uduzurdular. Həm də tək Nərimanmı yalan danışırdı? Elə bizlər də yalan danışırıq. Ayaqqabıdan başımız çıxmadığı halda satıcıya "baha verirsən" deyirik. Sağlamlıq naminə aptekdə həkim bizə bahalı dərmanları satır. Məktəbdə oxumaq yerinə hazırlığa gedirik, özü də dərs deyən müəllimin yanına. Zənnimcə, bir növ hamı yalan danışır. Elə mən özüm də Nərimanı təsdiqlədikcə onu bu yalana sürükləmiş oluram. Şüurlu olaraq o, yalan danışdığının fərqində değil, çünki nəticə ondan bunu tələb edir.

Bu dəfə də evli cütlüklə karşılaşmışdıq. Digərindən fərqi isə uşaq yox idi. Yəni var idi, ancaq dünyaya gəlməmişdi. Qız hamilə idi və bayaqdakı ilə müqayisədə üzdən arıq, dodaqdan incə idi, saçları da seyrək idi; məncə, gözəl qadın deyildi. Yoldaşı da özü kimi arıq, hündür bir oğlan idi. Bayaqdakına baxanda çox da dikbaş birinə bənzəmirdi. Məncə, Nəriman illərin təcrübəsinə əsasən bunlara evi sata bilər.

Ailə evin sənədləri haqqında öyrəndi, qapının ağzındakı qaz borusuna narazılıqlarını bildirdilər. O elə bir sənət əsəri idi ki, vurğulamadan yan keçmək olmurdu. Borunun üzərindən atlayıb içəri keçdik. Həyətin balaca və yöndəmsiz olması qadının xoşuna gəlmədi; dedi ki, buranı hamarlaşdırmaq lazımdır. Nəriman isə belə şeylərin asan başa gələn olduğunu söyləyib yenə uzun-uzadı cümlələr qurdu. Mən özümü satıcıdan çox alıcı kimi aparırdım, sadəcə müşahidə edirdim. İlk iş günü bundan artığını etmək olmaz. Axı mən Nəriman kimi uzun-uzadı cümlələr qura bilmərəm. Mənə desələr ki, evin qarşısında boru var, cavabımda "Bəli, var, ən yaxşısı siz özünüzə başqa ev tapın" deyərəm.

Qapının girəcəyindən keçən zaman bu dəfə oğlan vurğuladı ki, döşəmənin taxtası mütləq dəyişdirilməlidir, qışda belə evdə oturmaq olmaz. Nəriman isə yenə də uzun-uzadı evin istilik sistemindən danışdı. O, siyasətçi olacaq adam idi; olmayan şeylərdən mahircəsinə danışa bilirdi, adamları inandıra bilirdi. Yəqin ki, seçkilərdə uduzmazdı. Ancaq bütün bu təriflər boşuna idi; istilik sistemi çəkilməmişdi, soba ilə evi isitmək yaxşıdır, lakin his sonra tavana çökür, gərək hər yay əməllicə evə əl gəzdirəsən.

— Onsuz da evə gərək daim nəzarət edəsən, yoxsa ev ev olmaz ki? Ev də uşaq kimidir, qayğı göstərdikcə nəticə verir, — deyə Nəriman maraqlı cümlələr işlədirdi.

Ona nifrət etmirdim, daha doğrusu, edə bilmirdim. Bəlkə də əsgərlikdən təzə gəldiyimə görədir. orada uşaqlar asanlıqla yalan danışır, and içir, istənilən cildə girirdilər. Hamı hamını yaxından tanıyırdı, yaşadıqca bütün bunlar adiləşirdi. Yəni son iki saat ərzində Nəriman da beləcə adiləşmişdi, hətta onun xüsusiyyətlərini sevməyə başlamışdım. Heç zaman vaz keçmirdi. Popper onu görsəydi, vurulardı. Yaxşı debat aparırdı. Hətta o, bir ateistə Allahın varlığını sübut etdirə bilər, bir dindara da əksini. Mahir bir yalançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.

— Adınız necə oldu? — oğlan soruşdu. — Nəriman. — Nəriman müəllim... — sözə bax, "müəllim". İnsanlar illərlə oxuyur, bu adı qazana bilmir. — Qiymət nə qədər idi? — İndi qiymət belədir ki, sözün düzü, qiyməti həll etmək olur. Oğlan bu Neftdə işləyirdi, rayondan Bakıya ailəsi ilə köçmüşdü. Elə bu yeri də ona mən satmışam. İndi ixtisara düşüb, işdən çıxarıblar. Borca buranı tikirdi, o da alınmadı, qayıdası oldu. "Əlim yandıda" satır, yəni mən desəm, lap aşağı da salar. — İndi qiymət nə qədərdir, müəllim? — İyirmi min deyirdi siftə, sonra mən danışdım, dedim on səkkizə sal. Lap belə on yeddiyə də sala bilərəm. — Burada iş çoxdur, müəllim, özünüz də görürsünüz. Yəni pollar dəyişməli, kuxnaya əl gezdirilməlidir, oboy vurulmalıdır. İstilik də peç ola bilməz, kombi lazımdır, sonra bütün oboy sıradan çıxır. Həyəti hamarlamaq lazımdır. Bir də ki, qapının ağzındakı boru var... Yəni nə deyim, heç özüm də bilmirəm. — Vallah, buranın mincə manat xərci var, lap o mənim boynuma, siz on yeddi minə razılaşın, bir həftəyə mən sizə super təmir təhvil verim. — Bu evə on yeddi min çoxdur, vallah. — Siz nə qədər deyirsiniz ki? — istehza ilə Nəriman soruşdu. — Uzağı on iki min. — On iki minə torpaq satılır ancaq. Yəni heç mən on yeddi minə xeyir belə götürmürəm bu işdən, tanışdır adam, ona görə. On iki min siz lap ağ elədiniz. Yox ha, belə olmaz, — o bir az əsəbləşdi. Düşünürəm ki, haqlıdır. Yəni, məncə, haqlıdır, bu işlərdən başım çox da çıxmır. — Vallah, müəllim, inanın, buna artıq pul verməyə dəyməz. Xərclər çoxdur, mən o qədər pula başqa şey alaram. — Haradan alacaqsan ki? Yoxdur e buralarda bu qiymətə belə ev. Bax, gəldiyimiz yolun üstündə, digər tərəfdə ev var — otuz beş minə. O ev tay sən deyəndir, ancaq o evə də sənin gücün çatmaz. O sən deyən evlər, oğlum, onlar bahalı olur. — Ancaq bu ev də bu qiymətə dəymir. — Əşi, qazı var, suyu var, işığı var, aşağıda məktəbi, yaxında marketi, marşrut yolu... Daha nə istəyirsən? Gir içində yaşa. Özüm də deyirəm ki, təmiri mənim boynuma. — Yox e, ağsaqqal, yəni niyə sən xərc çəkəsən ki? Yəni bu ev heç sənin də xərc çəkməyinə dəyməz.

Düşünürəm ki, oğlan haqlıdır. Niyə Nəriman xərc çəksin ki? Bu evdən xeyir götürmür, üstəlik xərc də çəkir — əməlli-başlı fırıldaqdır. Bizim insanları o qədər aldadıblar ki, lap Nəriman vicdanlı biri də olsa, ona inanmazdılar. Hətta mən oğlanın dediklərinə də inanmıram.

Uzun sözün qısası, bu ailə düşündüyüm qədər saf çıxmadı. Nəriman artıq anlayırdı ki, onlar alıcı deyillər. Qadın narazı idi, yoldaşı da istəmirdi. Mən də bezmişdim, bu evin təriflənəcək heç bir yeri yox idi. Sadəcə, təsadüfən bir neçə daş üst-üstə düşüb və bu ev əmələ gəlib. Satan üçün bəlkə də mahiyyəti var, ancaq bizim baxış müstəvimizdən buna ev demək olmaz. Belə yerdə bir insan niyə yaşasın ki? Nə məcbur edə bilər ki onu qaz borusunun yanında yaşamağa? Yəni həyat bu qədərmi adiləşmişdi? Xırda şeylərin böyük mahiyyətindən yan keçib heç nə olmamış kimi yaşamaq olardımı?

Onlar getdilər, biz də maşına mindik. Nəriman əsəbi idi. Cibindən siqaret çıxardı, yandırab damağına qoydu, sonra mənə baxdı.

— Çəkmirsən? — Yox, — deyə qətiyyətlə vurğuladım. Ən azından, artıq yalan danışmağı öyrənmişdim. Bu də bacarıq tələb edirdi. Birinci dəfə suala qorxaraq cavab versəm də, indi hətta özüm belə inandım. — Düz edirsən. De mənim bütün ciyərim xarabdır, öskürəkdən daha cana gəlmişəm, — başını qaşıdı, sözünə davam etdi, — minnət qoyur! Üç manat pulu var cibində, kişinin oğlu ev sevdasına düşüb. Üç manat maaşla villada yaşamırlar. Bununku muftilidir uje. Aə, mən iyirmi ildirdir bu işlə məşğulam, belə uşaqları çox görmüşəm. Gedəcək, fırlanacaq, yenə gələcək mənim qapıma. Görərsən, deyəcək "dayı, aşağı sal, alım". Uzağı on altı-zad deyəcək. Mən də satmayacam, — bilirdim ki, on altıya razılaşsalar, Nəriman bu evi həmin dəqiqə satar, ancaq bu da mənasız qürurdan başqa bir şey deyildi. — Satmaram da. Heç o fırlanıb gələnə bu ev qalmaz. Narahat olma, görürəm susqunsan, bu işin bütün sirlərini öyrədəcəyəm sənə, — dedi və gülümsündü.

Ona minnətdarlığımı bildirdim, amma bu da yalan idi. Demək olmazdı ki, Nəriman bacarıqsızdır; məncə, burada evin mövqeyi olduqca əlverişsizdir. Əgər bəlkə də qapının ağzındakı qaz borusu olmasaydı, çox yəqin, bayaqdakı müştərilər bu evi alacaqdı. Yoxsa belə mənasız ev üçün bir saat müzakirə aparmaq nəyə lazımdır? Həqiqət budur ki, dövlət qaz borusunu çox səhv yerdən çəkib, ya da bizim evin yiyəsi, təki ev olsun deyə, özünə daşlardan abidə hörüb.

Ofisə qayıdanda saat altıya işləyirdi. Yolüstü yemək üçün kolbasa və çörək aldıq. Bizim ofis çox balacadır. İçəridə bir masa və iki stol vardı. Qıraqda qaşıq, stəkan və aşağıda bir elektrikli qəfədan vardı. Çaylar sadə dəmlik paketlərdə idi. Qəfədanın dibində qalan su ilə qabları bir təhər yudum. Kolbasanı və çörəyi dilimlədim, nahar üçün əyləşdik. Nəriman əsəbi idi, üzündə həyəcan hiss olunurdu, fikri uzaqlardaydı. İndi onun simasını yaxından müşahidə etmək fürsəti yaranmışdı. Sifəti doğurdan da cadarlaşmışdı, saçları tökülürdü, kəpək basmışdı, gözlərinin içi azca qızarmış, altı ləmbər salmışdı. Onun durğunluğu məni qüssələndirdi; bütün səylərinə baxmayaraq, mübarizəni uduzmuşdu.

— Hava tutulub, — deyə içəridəki sükutu pozdum, — deyəsən yağış yağacaq. — Hə, bir bu çatmırdı, — Nəriman laqeydcə cavab verdi. — Nə axmaq adamlar var, gül kimi evi almadılar, — dedim. Kolbasa dilimini çörəyin üstünə qoydum. Sonra dişlədim. Nəriman isə hələ heç nə yeməmişdi. Hisə verilmiş kolbasa idi və düzünə qalsa, bu dəqiqə onun necə olması çox da maraqlı deyildi. Ac idim, doyunca yemək istəyirdim, ikinci dilimi götürmək üçün Nərimanı gözlədim. — Niyə yemirsiniz? — soruşdum. Alnını qırışdırıb mənə baxdı, sualım onu fikirlərdən bir anlıq oyatdı. — Çox dadlıdır, yeyin, — deyə bildirdim. — Sən harada oxumuşdun? — Mən... Bakı Dövlət Universitetində, — bu sual məndə qəribə hiss lər oyadır. Həmişə cavabında uzun-uzadı demək istəyirəm ki, mən rejissor olmağı arzulayırdım, ancaq atam dedi ki, o sahədə pul yoxdur və s., və s. — Hə, görürsən də, ali təhsilli oğlansan, ama iş yoxdur, — məcbur təsdiqləməli oldum. İndi kinodan danışsaydım, yəqin əndirabadi məsləhətlər alacaqdım, deyə susdum. — Bu iş yaxşı işdir, hər iş kimi çətinliyi var, ancaq ki sonra yaxşı olur. Arada belə tərs adamlar çıxır, ancaq yaxşı olur. Mən uje iyirmi yıldır bu işlə məşğulam, satmadığım ev yoxdur. Elə bunu da satacam.

Telefonuna zəng geldi. Uzun-uzadı dərmanlardan danışdı. Mən artıq doymuşdum, qabda dörd dilim qalmışdı, o isə sadəcə birini yemişdi. Danışıq bitəndən sonra yenidən söhbətimizə devam etdik.

— Dərman nəyə lazımdır ki? — ürəyim sıxıldığından şəxsi bir sual verdim, yoxsa danışmağa heç nə yox idi, o evdən ümumiyyətlə danışmaq istəmirdim. — Anam xəstədir, şəkər xəstəsidir. Ayağında yara var, bintlə sarıyırıq, hər gün də təmizləyirik. — Allah şəfa versin. — Çox sağ ol. Həkim deyir ki, əməliyyat olunmalıdır, ayağı kəsilməlidir. Ona da bir az pul lazımdır. Sonra əlil arabası, sonra bunun pasportu-falan... Yəni bir az qalmışıq, yoxsa indiyə əməliyyat etdirərdim.

Bilmirdim nə deyim. Şəkər xəstəliyi haqqında o qədər də məlumatım yoxdur, ancaq bir yerdən oxumuşdum ki, belə getsə, iyirmi il sonra hər beş insandan biri şəkər olacaq.

— Bu zəhrimara qalmış ev satılsaydı, əlimdə pul olardı, — deyə Nəriman öz-özünə mızıldandı. Qabın içində iki dilim kolbasa qalmışdı. Mənə dedi ki, özüm yeyim. Çölə çıxıb siqaret yandırdı, bayaqdakı sualı yenə təkrar etdi, mən isə çəkmədiyimi bildirdim. O qədər ac idim ki, kolbasanın hamısını yedim. Onun kefi yox idi, siqaretin birini söndürüb ikincisinə keçdi. Doyandan sonra mən də siqaret çəkmək istədim, amma qorxurdum; ən yaxşısı işdən çıxandan sonra yolüstü çəkməkdir. Həm də bir müddət saxlayıb birdən çəkəndə daha zövqverici olur, yoxsa belə siqaretin heç bir mənası yoxdur.

Qəfədanı yaxında yerləşən marketdə doldurdum, ofisə qayıdıb suyu qaynatdım. İki stəkan çay süzdüm. Bacarıqlı və cəld işləməyim Nərimanın xoşuna gəlirdi. Çayı çiyələk ətirli paketlə dəmlədim, sonra içdik. Nəriman yemək kimi çayı da yarımçıq qoydu. Mənə bir dəftər uzatdı, dedi ki, sabah burada olan nömrələrə bir-bir zəng edib kirayə evin qalıb-qalmadığını soruşmalıyam. Bu evlər kirayəçilərin nömrələridir, onlar çox zaman Nərimanla əlaqə saxlayırlar. Ev alqı-satqısı işi ilə məşğul olan adamın pulu bundan çıxır. Kiminsə başına bədbəxt hadisə gəlir və evi satır, və ya kimsə boş ərazidə bələdiyyə icazəsi ilə ev tikir, onu kirayə verir. Əgər kimlərsə uzun müddət kirayədə qalarsa, o zaman bu işdən pul çıxmaz; deməli, kimlərinsə başına daim pis işlər gəlməlidir və nəticədə Nəriman da öz taleyində yaranan bədbəxtçiliyi aradan qaldırmalıdır. Həyat bir-biri ilə sıx əlaqədə olan çoxsaylı bədbəxtliklərdən ibarətdir, deyə düşündüm — fikrim özümə də ləzzət elədi. Elə çayın ətri kimi. Dəfələrlə sözü ürəyimdə təkrarladım, evə çatan kimi yəqin bir yerə qeyd edəcəkdim.

Orta yaşlarda bir kişi içəri daxil oldu. Tez qalxdım. Adam bizimlə salamlaşıb oturdu, mən ayaq üstə gözləməli oldum. Ona təcili olaraq ev lazım idi. "Çox təəssüf", deyə öz-özümə dedım — yenə o borulu evə getməli olacağıq. Nəriman bu mənasız evi elə şövqlə təriflədi ki, düşündüm, deyəsən, bəlkə mən səhv görmüşəm. Hətta onun sözündən belə çıxdı ki, adam artıq bu evi alıb. Ofisi bağladıq, maşına əyləşib həmin evə getməli olduq.

Gələn adam qaz borusunu görən kimi vurğuladı. Bu qədər əziyyət çəkib yol gəldiyinə görə, kefsiz də olsa, içəri girdi. Baxışlarında istehza hiss olunurdu. Həyətin kiçik olduğunu vurğuladı. Evin döşəməsini dəyişdirmək lazımdır deyə bildirdi, mətbəxi ümumiyyətlə bəyənmədi.

— Bu qablar, yoldaş, bunlar hamısı bir aya qalmaz, sıradan çıxar. Bunları sadəcə bəzək kimi qoyublar, baş aldatmaq üçün, — deyə narazılığını bildirdi. — Bunlar hamısı təmir olunub lap gül kimi sizə veriləcək, ondan arxayın olun. — Bax, döşəməni yüz faiz dəyişmək lazımdır. Özü də indi hansı zəmanədə yaşayırıq, peçlə evmi qızar? Bütün qışı patalok sıradan çıxar, divarlar da bir qatdır. Mən özüm ustayam, yəni bir on beş il olar; birqat divarlar nəmə dözmür. Üstəlik, yağış yağanda divarlar nəm çiləyəcək. Peç olan evlərdə divarlar qaralır tez-tez, gərək hər ay evə xərc çəkəsən.

Bu dəfəki müştəri Nərimandan çox güclü idi. Digər ikisi mövzudan maklerdən-maklerə məlumat yığmışdısa da, indiki müştəri işin peşəkarı idi.

— Məllim, — bu dəfə Nəriman dilləndi. Kim kimdən üstün görünürsə, dialoqlar zamanı həmişə "müəllim" olur. — Bu evi on altı minə sizə verərəm, özüm də təmir edirəm.

Mən belə başa düşdüm ki, bu evin real qiyməti doğurdan da on iki mindir, ancaq Nərimana pul lazımdır. Bunun da nə ilə əlaqədar olduğunu artıq bilirdim. Haqq kazandırırdım ona, çünki Nəriman yalan danışmaq məcburiyyətində qalmışdı. İndiki vaxtda heç bir həkim hansısa xəstəni pulsuz müayinə etmir. Gərək pulun ola. Ana üçün yalan danışmaq olar.

— On altı min, açığı, heç bura veriləsi değil. On altı min... Bunu düzəltsən belə, on altı minə satılmaz. Deyim niyə: çünki düz yanından qaz borusu keçir. O qaz borusu birbaşa təhlükə deməkdir. Allah eləməsin, sabah-birigün partladı, nə edəcəksən? Kim özünə on altı minə ölüm alar? Heç min manat da vermək olmaz. Küçədə qalmaq bundan yaxşıdır. Bu, qəza vəziyyətidir, bunu bura heç tikməyə icazə verməməlidirlər. Onsuz da sabah-birigün gəlib söküb atacaqlar, bu evdən bir şey çıxmaz. — Məsləhət sizindir, — Nəriman yenə uduzmuşdu. Bu dəfəki rəqib onun dişinə görə deyildi. Müştəriyə nə yaxındakı məktəb, nə də market maraqlı idi. İnsan həyatı bütün növ keyfiyyətlərdən yuxarıda durur. Ağıl da buna görə verilib. Daha doğrusu, verilməyib, zamanla formalaşıb.

Müştərinin evi almayacağı dəqiq idi. Onun mənasız məsləhətləri Nərimanı da, məni də təngə gətirmişdi. Ancaq qələbə qazandığının fərqində olan rəqib, Nəriman kimi, boşboğazlığı əldən vermirdi.

Axşam idi, göy yüzü yavaş-yavaş qaralırdı, ilk iş günüm yekunlaşmaq üzrə idi. Müştəri ilə Nəriman çöldə dayanıb söhbətləşirdilər. Nəriman siqaret çəkirdi. Hansısa ortaq tanışları peyda olmuşdu, onun haqqında mənasız zarafatlar edirdilər. Daha doğrusu, müştəri edirdi, Nəriman isə təvazökarlıqdan gülürdü. Bu gün həm mənim üçün, həm də onun üçün çox pis keçmişdi. Zəhrimara qalmış boru keçəsi yer tapmışdı elə bil. "Bunu bir az kənardan çəksəydilər", deyə öz-özümə düşündüm. Boruya çox əsəbləşmişdim, həm də onların mənasız söhbətləri zamanı baş qatmağa nəsə tapmırdım. Boruya baxırdım: üstü paslanmışdı, üzərinə nəsə yazmışdılar, kimsə baş hərfini çəkmişdi. Bu gün birinci dəfə idi ona fikir verirdim. Rəngi sarı idi, amma bəzi yerlərinin qabığı tökülmüş və paslanmışdı. Doğurdan də təhlükəli vəziyyətdir, ən yaxşısı bu evin yerlə bir olmasıdır. Kimsə böyük ümidlərlə bu evi tikmişdi, ancaq bu borunu görmürdümü? Onun səhvi ucbatından indi mən ilk iş günümü belə uğursuz keçirirəm.

Az sonra söhbət yekunlaşdı. Müştəri çıxıb getdi. Biz də evi açarlayıb maşına əyləşdik. Nəriman siqaret çəkib-çəkmədiyimi soruşdu, mən də "yox" dedim. Sonra boru haqqında danışdım, dedim ki, bu boru doğurdan da lazımsız yerdə tikilib. Qəribəsi budur ki, fikrimi təsdiqlədi, dedi ki, satan adamın başı xarabdır, onun günahı değil. Təki şəhərdə olsun deyə ağızlarına gələn yerdə ev tikirlər, axı bunun sonrasını düşünmək lazımdır. Bir də ki, sonranı düşünən biri gərək həm də şüurlu ola; bu, ancaq düşüncəsizlərə xasdır. Nə demək olar, Nəriman bu dəfə, heç olmasa bu dəfəlik, haqlı idi.

Maşına mindik, saatıma baxdım. O da telefonla ev yiyəsi ilə danışdı. Az sonra həmin adam gəlib çıxdı, bir az onunla söhbətləşdilər. Mən maşının içində idim, çölə çıxmaqda bir məna görmədim. Gələn adam üzdən mülayim birinə bənzəyirdi, elə öz evi kimi yazıq görkəmi vardı. Elə bil düz alnının qarşısından qaz borusu keçmişdi və bəxti məhz ona görə gətirmirdi.

Düşündüm ki, bu işin axırı yoxdur, atamla mütləq danışmalıyam. Ən azı bir həftə dözmək olar, uzağı bu mənasız ev satılana qədər. Yox, bu evin satılmağını gözləsəm, gərək illərimi sərf edəm. Mən film çəkmək istəyirəm, boru ilə, evlə, betonla nə işim var?

Evə çatıb nahar etdikdən sonra filmə baxacağıma dair özümə söz verdim. Uzun zamandır baxmırdım; əsgərlikdə telefon tapmaq mümkün deyildi. Gələndən də dost-tanışla görüşməkdən filmə vaxt qalmamışdı. Səhər tez durmalıyam, işə gəlməli, ofisi açmalıyam. Nəriman oranın açarını mənə vermişdi. Evə tez çatsam, yeməyi tez yesəm, filmə baxa bilərəm, deyə düşündüm. Ən yaxşısı, köhnə filmlərdən birinə təkrarən baxım. Bu, çox yaxşı qərardır.

Nəriman maşına mindi, siqaret yandırdı, məndən soruşdu, "yox" cavabını verdim. Dedi ki, birbaşa məni bizə aparacaq, ofisə getməyin mənası yoxdur. İndi onsuz da heç kim gəlmir, bir azdan da yağış yağacaq, bu havada heç kim ev dərdi çəkməz. Mən də razılaşdım. Onsuz da ofisə getmək istəmirdim. Ancaq yadıma düşdü ki, əgər birbaşa evə gedəsi olsam, yolda siqaret alıb çəkə bilməyəcəyəm. Eybi yox, düşər-düşməz uzaqdakı marketdən siqaret götürərəm, qaranlıq bir küncdə çəkib elə evə gedərəm.

Yola düşdük. Nəriman elə hey bugünkü günü şərh edirdi. Axırıncı müştəri onu yaman əsəbləşdirmişdi. Mən Nərimanın nəyə hirsləndiyini yaxşı bilirəm. Bunun fərqi yoxdur, qoy o müştərini söysün. Pəncərədən çölə baxırdım: günəş batmışdı, qızılı rəng səmanı bürümüşdü, yavaş-yavaş çəhrayılaşırdı, üfüqlərə uzandıqca göy üzü tündləşirdi. Bu, mənim üçün möcüzəvi, Nəriman üçün isə adi bir hal idi. Bizim aramızdakı fərq, məncə, budur. Daha doğrusu, mənim atamla, yəni mənim bu insanlarla fərqim elə budur. Görəsən, mən nə vaxtsa istədiyim nöqtəyə gələ biləcəyəmmi?

— Hə? — deyə Nəriman zəngə cavab verdi. — Nə olub? Maşın sürürəm. Bu qədər vacibdir? Gözlə, gəlim, danışarıq da... Hə, di yaxşı, saxlayıram, — deyib maşını yolun kənarına çəkdi. Mən ona baxırdım, onunsa fikri telefonda idi. — Di görək nə olub? Saxlamışam da! Vallah-billah saxlamışam, bax, yanımda bacıoğlu da var, o da təsdiqləyir. Allah haqqı, on iki imam haqqı, maşını saxlamışam, — dedi. Sonra bir müddət susdu. Üzündəki ifadə dəyişdi. Gözləri bərəldi, ağzı açıldı, əlini başına tutub dayandı. Təəssüflə və heyrətlə birdən dilləndi: — Ölüb?

Bu sözdən yerimdə dik atıldım. Kimin öldüyü maraqlı idi, ancaq dilim tutulmuşdu və bilmirdim nə deyim.

— Anam ölüb? — Nəriman susdu. Telefonu söndürdü. Mən gənc idim, o isə təcrübəli. Belə anlarda nə deyəcəyimi bilmirdim. Ona baxırdım, o isə başını sükana qoyub susurdu. "Nə pis gün oldu", deyə düşündüm. Doğurdan da pis gündür. Heç nə deyə bilmirdim. Uzun zaman beləcə tərpənmədən dayandıq. Pəncərədən çölə baxdım; maşınlar bir-bir vıyıltı ilə keçirdi, hava qara və sarının ahənginə bürünmüşdü, çəhrayılıq itmişdi. Buludlar işarə gözləyirmiş kimi dolub durmuşdular. Maşının içində benzin iyi hiss olunurdu. Saat müəyyən bir vaxtı göstərirdi. İrəlidəki işıqforun işığı tez-tez dəyişir, öz işini fasiləsiz olaraq yerinə yetirirdi. Qəribədir, onu bugün birinci dəfə idi bu qədər soyuqqanlı görürdüm. İnana bilmirdim ki, bayaq müştərilərə danışmağa imkan verməyən adam budur.

Nəriman maşından düşdü. Siqaret yandırdı. Mən də düşdüm; niyə bilmirəm, ona yaxınlaşdım. İkimiz də maşına söykənib dayanmışdıq. Mənə siqaret uzatdı, ancaq heç nə soruşmadı. Götürdüm. Özü yandırdı. Siqareti ciyərlərimə çəkən kimi başım azca dumanlandı. İndi səma çox vahiməli görünürdü — böyük bir həbsxana kimi. Siqareti çəkdikcə kağızın necə yandığının səsini eşidirdim, tüstü ciyərlərimə yayılırdı, sinəmdə bir hissə sancırdı. Nərimana baxmağa cəsarət etmirdim və yola nə vaxt düşəcəyimizi soruşmurdum. Yəqin ki, mən buradan bir marşrutla gedəcəkdim, o da birbaşa öz evinə. Həm də indi bunları niyə düşünürəm? Qoy siqaret bitsin, yuxudan ayılaq, həyatımıza qaldığımız yerdən devam edək. Sabah, görəsən, iş olacaq? Eh, niyə bunu düşünürəm axı? Fikrimi həyata cəmləşdirməliyəm — qaz borulu evlər olan həyata. Nərimanın həyatı bir faciədir, çünki o bunu bilmir və gündəlik həyatı yaşayır. Hansı ki, hər gün onun iş yerinin qarşısından yüzlərlə insan keçir və onun faciəsi digərləri üçün bir epizoddur. Bunları düşünməməliyəm, siqareti çəkim, çünki bir azdan o bitəcək.

Hə, görəsən neçə yaşı vardı? Bunun nə mənası... Ölən adi biri deyildi, onun anası idi. Nəriman siqaretini çəkməyə devam edirdi. Nə uzun siqaretdir, deyə düşündüm. Heç bitmir, heç...

Yağış başladı.